Ümrə ziyarəti üçün mənəvi hazırlıq

Ziyarətə getmədən öncə Həcc və Ümrə ziyarəti haqqında zəruri olan məlumatları öyrənməyə, bu haqda kitablar oxumağa və videolar izləməyə çalışın.

Ümrə ziyarətini Peyğəmbərimizin sünnəsinə uyğun olaraq, tam şəkildə həyata keçirə bilməyiniz üçün sizə təqdim edəcəyimiz “Ümrə bələdçisi” kitabını diqqətlə oxuyun və ziyarət zamanı bu kitab sizin bələdçiniz olsun.

Bütün ibadətlərdə olduğu kimi, Həcc və Ümrə ibadətəində də niyyət çox mühümdür. Ümrə ziyarətinə Allah rizası üçün mənəvi cəhətdən kamilləşmək, günah kirlərindən təmizlənmək və saflaşmaq niyətilə gedilməlidir.

Səfərə çıxmazdan əvvəl üzərimizdə qul haqları varsa, haqq sahibləri ilə halallaşın. Qohum-əqrabadan, xüsusən də qonşulardan halallıq alın.

Qüsl alıb, iki rükət səfər namazı qıldıqdan sonra səfərə çıxın.

Səfər müddətində SƏBİRLİ və TƏMKİNLİ olmağa çalışın. Ümrə ziyarətinin ən həssas məqamı səbirli olmaqdır. Qarşılaşa biləcəyiniz hər cür problemə qarşı səbirli olmağa çalışın. Günah işləməkdən, mübahisə etməkdən və dava-dalaşdan özünüzü qoruyun. Bu səfərinizi gərginlikdən uzaq, mənəvi rahatlıq icərisində, ibadətlə keçirmək üçün bütün gücünüzü səfərbər edin.

Ziyarət proqramının əksər hissəsi qrup şəkilində hərəkətlə keçəcəkdir. Bu səbəbdən  qrup üzvlərinin haqqına girməmək və proqramın ahəngini pozmamaq üçün öncədən təyin olunan hərəkət saatlarına diqqət edin. Qrup rəhbərinin təlimatlarına riyət edin.

Səfərə başladığınız andan etibarən gücünüz çatdığı nisbətdə Rəsulullah -səllallahu əleyhi və səlləm-ə salavat gətirməyə, dualar oxumağa və zikirlər etməyə səy göstərin.

Kəbəni (Beytullahı) ilk gördüyünüz zaman bütün varlığınızla Allaha yönəlin və uzun-uzun dua edin. Çünkü Kəbəni ilk görənin etdiyi dualar geri çevrilməz.

Təhəccüd namazı daxil olmaqla bütün namazlarınızı Peyğəmbər məscidində və Kəbədə camaatla qılmağa çalışın.

Ziyarət müddətində yemək və istirahət vaxtlarının xaricində bütün zamanınızı Kəbədə və Peyğəmbər məscidində ibadətlə keçirməyə çalışın. Mənəvi halınızı qoruyub saxlamaq üçün zərurət olmadıqca alış-veriş etməkdən uzaq durun.

Kəbəni təvaf edərkən diqqətli olun, ətrafınızdakı insanlara xəsər yetirməyin. Həcərül-Əsvəd daşını öpmək, Kəbəyə əl sürtmək üçün ətrafınızdakı insanlara əziyyət verməyin. İmkan olduğu zaman insanları incitmədən Kəbənin Hicri-İsmail hissəsində namaz qılmağa çalışın.

Peyğəmbər məscidinin Ravza bölümündə namaz qılmağa səy göstərin. Çünki ora cənnət bağçalarından bir bağçadır.

Məkkə və Mədinə şəhərlərində sakit və ədəb qaydalarına uyğun şəkildə hərəkət edin. Çünki siz Peyğəmbər -səllallahu əleyhi və səlləm-in və əshabının ayaq bastığı məkanlarda gəzirsiniz.

Allah yolumuzu açıq, səfərimizi uğurlu, ziyarətimizi qəbul buyursun! Amin