Məkkə şəhərinin cənub şərqində yerləşən Arafat bölgəsi düzənlik ərazidən ibarət olup, sahəsi 14 min kvadratmetrdir. Məkkəyə məsafəsi isə 20 km-dir. Ərəb dilində “arafə” kökündən yaranan bu söz tanımaq, bilmək, tanış olmaq və s. mənalarına gəlir. Cəbrail əleyhissalam İbrahim Peyğəmbərə Həcc ibadəti haqqında məlumatı burada verdiyi və Həcc ziyarətinin qaydalarını ona Arafatda öyrətdiyi rəvayət olunur.
Dünyanın dörd bir tərəfindən Həcc ibadəti üçün Məkkəyə gələn müsəlmanlar Zülhiccə ayının 9-cu günü (ərəfə günü) sübh namazından etibarən Arafat meydanda toplaşırlar. Həcc ibadətinin ən əhəmiyyətli rüknü olan “Ərəfə vəqfəsi”nə burada dururlar. Axşam namazına qədər burada dua və ibadətlə məşğul olan zəvvarlar gün batandan sonra Arafat meydanını tərk edərək Müzdəlifəyə yola düşürlər. Həzrət peyğəmbər belə buyurur: “Həcc Arafatdan ibarətdir”.
İlk insan və ilk Peyğəmbər olan Hz. Adəm ilə Həvva anamız cənnətdən çıxarıldıqdan sonra yer üzündə sürgün müddətinin sona çatması ilə yenidən görüşdükləri, bir-birinə qovuşduqları yerdir Ərafat meydanı. Haqq-Təala minlərlə il bundan əvvəl bəşərin atası Adəmi və Həvvanı Arafatda bağışlamış və bu günün hörmətinə onların nəslindən gələnləri də hər il bağışlamağı vəd etmişdir.
Digər
Bu bölmənin digər başlıqları