RAHAT BİR ÜMRƏ ÜÇÜN ÇANTADA NƏLƏR OLMALIDIR?

Ümrəyə hazırlaşan insanların ən çox verdiyi suallardan biri məhz budur. Burada əsas məsələ çox əşya aparmaq deyil, həqiqətən ehtiyac duyulan şeyləri düzgün seçməkdir. Gəlin birlikdə baxaq.

İlk və ən vacib məqam rahat ayaqqabı seçimidir. Təcrübədən deyə bilərəm ki, yumşaq altlıqlı sandal və ya rahat ayaqqabı ümrə boyunca insanın ən çox ehtiyac duyduğu şeylərdən biridir. Çünki gün ərzində uzun məsafələr qət edilir. Sərt və ya yeni ayaqqabılar isə ayaqda ağrı və narahatlıq yarada bilər.

Ayaqqabıdan sonra gəlin geyimə baxaq. Pambıq və kətan kimi nəfəs alan materiallara üstünlük vermək çox uyğundur, bu cür geyimlər istidə insanı daha rahat saxlayır. Xüsusilə kişilər üçün açıq rəngli geyimlər daha əlverişlidir. Bundan əlavə kifayət qədər alt paltarı götürməyi unutmayın. İsti hava və çox hərəkət səbəbindən insan tez-tez tərləyir  bu həm rahatlıq, həm də gigiyena baxımından çox vacibdir.

Çantada mütləq olmalı olan digər bir əşya isə günəş eynəyidir. Məkkə və Mədinədə hava əksər vaxt günəşli olur. Xüsusilə ağ mərmərin günəş şüalarını əks etdirməsi gözləri daha tez yorur və narahatlıq yaradır.

Bir çox insanın unutduğu, amma məncə çox faydalı olan əşyalardan biri də kiçik səccadədir. Xüsusilə Kəbədə istifadə üçün yüngül və rahat daşınan səccadə həm izdiham zamanı, həm də isti mərmər üzərində ibadət edərkən böyük rahatlıq təmin edir.

Dərmanları da unutmayın. Əgər gündəlik istifadə etdiyiniz dərmanlar varsa, onları mütləq özünüzlə aparın. Bundan əlavə ağrıkəsici, boğaz ağrısı, soyuqdəymə, allergiya və halsızlıq üçün sadə dərmanlar da çox faydalı ola bilər.

Qısaca rahat ayaqqabı, nəfəs alan geyim, günəş eynəyi, kiçik səccadə, dərmanlar və kifayət qədər alt paltarı, bunlar çantanızın əsasını təşkil etməlidir.

Amma mənim düşüncəmə görə ən vacib hazırlıq çantada deyil, insanın qəlbində olur. Ümrəyə gedən insan özü ilə sadəcə geyim və əşyalar deyil, gözəl niyyət, dua və mənəvi hazırlıq da aparmalıdır. Çünki orada insana ən çox lazım olan şeylərdən biri fiziki rahatlıq olduğu kimi, digəri də mənəvi rahatlıqdır.

RƏNGLƏRİN QARDAŞLIĞI

Müqəddəs dinimizin beş şərtindən biri olan həcc mövsümü artıq...

TƏVAF ETMƏYİN FƏZİLƏTİ

Həcc və ya ümrə məqsədilə Məkkəyə gələnlər üçün ən fəzilətli nafilə ibadət...

HARAM PULLA HƏCCƏ GETMƏK OLARMI?

Halal qazanc ilə edilən həcc ibadəti insanın mənəvi cəhətdən kamilləşməsinə və...

SƏFA və MƏRVƏ TƏPƏLƏRİ

“Səfa və Mərvə Allahın nişanələrindəndir” (Bəqərə surəsi, 158)Səfa və Mərvə...