Peyğəmbər -səllallahu əleyhi və səlləm-in “Uhud bizi sevir, bizdə Uhudu sevirik” dediyi dağdır.
Mədinə şəhərinin şimalında yerləşən Uhud dağı heç bir dağ silsiləsinə aid olmayan tək dağ olduğu üçün bu adı almışdır. Hündürlüyü 110 metr, uzunluğu 8 km olan Uhud dağının Peyğəmbər məscidinə məsafəsi 5 km-dir. Həzrət Peyğəmbər Uhud dağı haqqında belə buyurmuşdur: “Uhud bizi sevir, biz də Uhudu sevirik” (Buxari. “Məğazi”, 27; Müslim, “Həcc”, 503-504). İslam tarixində baş vermiş mühüm hadisələrindən biri olan Uhud müharibəsi Uhud dağının ətəyində baş verdiyi üçün adını buradan almışdır.
UHUD MÜHARİBƏSİ
Bədr döyüşündə ağır məğlubiyyətə uğrayan qureyşlilər, Bədrin intiqamını almaq üçün 3.000 nəfərlik bir ordu ilə Mədinəyə hücum etdilər. Hicrətin üçüncü ilində 3.000 nəfərlik müşrik ordusu ilə 700 nəfərlik İslam ordusu Uhud dağının Mədinəyə baxan hissəsində qarşı-qarşıya gəldilər. İslam ordusu Uhud dağının ətəyində mövqe tutaraq müşrik ordusuna cəbhə qurdular. Həzrət Peyğəmbər strateji əhəmiyyətə malik olan Ayneyn (Oxcular) təpəsinə əlli nəfərdən ibarət oxcu birliyini yerləşdirərək onlara belə təlimat verdi: müharibənin gedişatından asılı olmayaraq məndən əmr gəlmədikcə yerinizdən tərpənməyin. Həzrət Peyğəmbərin tətbiq etdiyi hərbi taktikalar və həyata keçirdiyi islahatlar nəticəsində müharibənin ilk mərhələsində müsəlmanlar qalib gəldilər. İslam ordusunun hücuma keçdiyini görən oxçuların Ayneyn təpəsindəki mövqelərini tərk etməsi ilə müşrik ordusu arxadan hücum edərək müharibənin gedişatını dəyişdirdi. Peyğəmbər -səllallahu əleyhi və səlləm-in öldürüldüyü barədə yalan bir xəbərin yayılması ilə müharibə səngidi. Müsəlmanlar Uhud dağının ətəklərinə geri çəkilərkən müşriklər Əbu Süfyanın ətrafına toplaşdılar. Bununla da iki ordu bir-birindən ayrıldı və müharibə sona çatdı.
Çox çətin keçən bu müharibədə Həzrət Peyğəmbərin mübarək dişi qırıldı, dodağı və yanağı yaralandı. Həzrət Peyğəmbərin əmisi Həzrət Həmzə ilə birlikdə 70 səhabə bu müharibədə şəhid oldu. Peyğəmbər -səllallahu əleyhi və səlləm- şəhidlərin hamısının cənazə namazlarını qıldıraraq Uhudda dəfn etdi. Peyğəmbərimiz zaman zaman Uhud şəhidliyini ziyarət edir və əshabını da buranı ziyarət etməyə təşviq edərdi. Ziyarət vaxtı Həzrət Peyğəmbər bu ayəni ucadan oxuyurdu: “Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (ər-Rəd,24)
Digər
Bu bölmənin digər başlıqları